Prof. Dr. Hüseyin Düzgündən bir neçə şer

İbtida
Yarəbb, Füzuli tək mənə də olgil ibtida,
Göstər təriqi cədd-i pakımı, ey xaliqi səma!
Öz özlüyümdən al məni, səndə fəna olum,
Öylə məmat ver kim ola mətləi bəqa.
Qəlbim əsirdir sənə, səndən mədəd dilər,
Bu düz sirat da bizə ol yar-ü rəhnüma.
Kibri aşinaləri bizə əğyar oldular,
Öz aşinalərinlə bizi eylə aşina.
Ləngan intihasına Düzgün yolun çatıb,
Gördü ki intihada da həm sənsən ibtida.
E´tina
Dərmana çevrildi yar şe′rim mənim,
Verdiyin dərdə dəva lazım deyil.
Şe′rimi but tək sitayış eylilrəm,
Daha heç Rəbb u Xuda lazım deyil.
Küfr söylərsəm ilahi əfv qıl,
Kafirə başqa cəza lazım deyil.
Mən sənin məcnununam ağlım uçub,
Məcnun üçün e´tina lazım deyil.
Hər cəfaya düzgün adət eyləmiş
Böylə mo′tada cəfa lazım deyil.
Ərdəbil yüksəlir abad olur,
Təbrizin qəlbi açır şad olur.
Sevgi bəslir elinə nəsl-i cədid,
Gənci yüz bidada bir dad olur.
Türkcəmiz fırlanaraq dillərdə,
Dönür üsyanlara fəryad olur.
Səsim Qaşqayı
Nəfəsim, həvəsim, səsim Qaşqayı,
Obam, elim, kimsəm, kəsim Qaşqayı.
Bayrağın çiynimdən qoymaram yerə,
Qoyma yad önündə əsim Qaşqayı.
Dumanlı dağların ardında qaldım,
Dadıma yet, fəryad rəsim, Qaşqayı!
Başqalarından day məhəbbət ummam,
Sənin məhəbbətin bəsim, Qaşqayı!
Düzgün deyir: «mənim səsimə səs ver,
Nəfəsim, həvəsim, səsim qaşqayı!»
Sədaqət kanı
İranın mən canlı beyni, beyinin də canıyam,
Azəristan mülkünün bir çağlayan Ümmanıyam.
Dinim İslamdır mənim, Qur´anı rəhbər qılmışam,
Ən gözəl yol seçmişəm insanlığın vicdanıyam.
Qəlbim avlandı əzəl gündən Muğan qışlağına,
Bu elin, bu millətin bir düşgünü, heyranıyam.
Bir şeyə hər kim yalan ya doğru qurban söyləyir,
Mən məarif şəhrinin, mən Ərdəbil qurbanıyam.
Mə′nəviyyət olmasa, yoxdur həyatın anlamı,
Zahirin altında gizli batinin insanıyam.
Şeyx Səfinin Qara Məcmuəsi məş′əldir mənə,
Yolları aydınladan bir şö′leyi nuranıyam.
Müshəfim bir eldə, şəmşirim bir əldə, atlanan,
Xalqı təqva də´vəti ilə coşan ruhanıyam.
Hər yalan qurqu quran ovbaşa əhsən söyləməm,
Şairəm, Düzgün təxəllüslü sədaqət kanıyam.
Qara Məcmuə
Nigarım heykəlin candan yaranmış,
Sənin cismində şux canan yaranmış.
Vucudun səfhə-səfhə ayəti həqq,
İlahi vəhydən insan yaranmış.
Boya heç yoxdur ol nazik bədəndə,
Qaradan ağ, qara ağdan yaranmış.
«Qara Məcmuə»si şeyxol şiyuxun,
Qılavuz kimi Qur´andan yaranmış.
Onu Düzgün özünə rəhbər etmiş,
Dilindən dürr, həm mərcan yaranmış.
Canlı Risale
Əcəb yerindən edibdir o şux qəzalə səni,
Ki cumdurubdu dərin fəlsəfi xəyalə səni.
Həyat gerçəyinin ol gül üzlü ceyranı,
Qəzal-i zənn o xəyalə edib həvalə səni.
Qamışlığın qamışı misli vəsl axtararaq,
Sinər fəğanə gətirmişdir ah o nalə səni.
Gecə-günüz niyazımdır ilah-i mənnandan,
Zəmanə caynağı uğratmasın zəvalə səni.
Təmiz xəmirən içində seçib dərin yetənək,
Yetirdi yaxşı o Əllaməmiz kəmalə səni.
Riyasi zahidin aldatmadı, əcəb qıldı,
Füzuli ilə Nəsimilə həm piyalə səni.
Diyar-i qeyirə gər olsan da vəsleyi nacur,
Bu yurda, bu vətənə bağlayıb qəbalə səni.
Sən ey xətib-i vətən! xəsm höccətin sındır,
O saldı basğına, hicrə məni, məlalə səni.
Gün öylə gün, vətən öylə vətən ola ki görəm,
Susuz bu yurdumun üstündə bir şəlalə səni.
Həqiqət axtaran əcdad-i pakımız haqqına,
İlahdan dilərəm çatdıra cəlalə səni.
Edə bu yazğısı əsvəd qərib millətimin,
Keçən təvarixinə canlı bir risalə səni.
Əpuş nəslinin illərcə tünd-badında,
Günəşli yurduma birdə becərdə halə səni.
Sən indi qismətə bax Düzgün, işləri seyr et,
Həvalə eyləmişəm mən də bir xəyalə səni.
Gur Nəfəsim
Ta ki bu cism o tənimdə nəfəsim var mənim,
O qaşın taqına dilbər həvəsim var mənim.
Türkəm, at oynadaraq fəzl o səfa paylamışam,
Yarkənddən Viyenə sarı səsim var mənim.
Ötükənddə Yenisey, mülk-i əcəmdə Ətrək,
Mülk-i Azərdə Kürüm var, Ərsim var mənim,
Səfheyi şe′rimə baxdıqca, rəqibə deyirəm,
Bir məsiha dəmi tək həm nəfəsim var mənim.
Baxma qurbətdə salıb bikəs o yar etdi zaman,
Ağır ellər sayağı yar o kəsim var mənim.
Türktazi eləsəm mülki süxəndə, yaraşır,
Çünkü Sâhir kimi fəryad rəsim var mənim.
Ta ki gün sayə salır, toprağa Düzgün yaşaram,
Ərdəbildən alınan gur nəfəsim var mənim.
Qalmaz
Yar getsə kənar, diyar qalmaz,
Qalmasa diyar, yar qalmaz.
Yurdun şərəfin itirsən kimsə,
Namus, şərafət, ar qalmaz.
Cəm´ olsa gər Ərdəbil o Təbriz,
Aşüftə bu rüzigar qalmaz.
Sən tərk eləsən mənim kənarım,
Qəlbimdə gözəl qərar qalmaz.
Bir dəf´ə daha göz eyləsən yar,
Düzgündə day ixtiyar qalmaz.
بيز احسان شكرخدا و ائلدار صديق ايكيميز بيرليكده «حسين دوزگون»ون شعرلري و ادبياتي يازيلاري و اونون باره سينده اولان شعرلري و ادبي يازيلاري بو وبلاقدا سيزه سوناجاغيق. اوميد ائديريك لذت آپاراسيز.