İranın mən canlı beyni, beyinin də canıyam,

Azəristan mülkünün bir çağlayan Ümmanıyam.

Dinim İslamdır mənim, Qur´anı rəhbər qılmışam,

Ən gözəl yol seçmişəm insanlığın vicdanıyam.

Qəlbim avlandı əzəl gündən Muğan qışlağına,

Bu elin, bu millətin bir düşgünü, heyranıyam.

Bir şeyə hər kim yalan ya doğru qurban söyləyir,

Mən məarif şəhrinin, mən Ərdəbil qurbanıyam.

Mə′nəviyyət olmasa, yoxdur həyatın anlamı,

Zahirin altında gizli batinin insanıyam.

Şeyx Səfinin Qara Məcmuəsi məş′əldir mənə,

Yolları aydınladan bir şö′leyi nuranıyam.

Müshəfim bir eldə, şəmşirim bir əldə, atlanan,

Xalqı təqva də´vəti ilə coşan ruhanıyam.

Hər yalan qurqu quran ovbaşa əhsən söyləməm,

Şairəm, Düzgün təxəllüslü sədaqət kanıyam.