Əcəb yerindən edibdir o şux qəzalə səni,

Ki cumdurubdu dərin fəlsəfi xəyalə səni.

Həyat gerçəyinin ol gül üzlü ceyranı,

Qəzal-i zənn o xəyalə edib həvalə səni.

Qamışlığın qamışı misli vəsl axtararaq,

Sinər fəğanə gətirmişdir ah o nalə səni.

Gecə-günüz niyazımdır ilah-i mənnandan,

Zəmanə caynağı uğratmasın zəvalə səni.

Təmiz xəmirən içində seçib dərin yetənək,

Yetirdi yaxşı o Əllaməmiz kəmalə səni.

Riyasi zahidin aldatmadı, əcəb qıldı,

Füzuli ilə Nəsimilə həm piyalə səni.

Diyar-i qeyirə gər olsan da vəsleyi nacur,

Bu yurda, bu vətənə bağlayıb qəbalə səni.

Sən ey xətib-i vətən! xəsm höccətin sındır,

O saldı basğına, hicrə məni, məlalə səni.

Gün öylə gün, vətən öylə vətən ola ki görəm,

Susuz bu yurdumun üstündə bir şəlalə səni.

Həqiqət axtaran əcdad-i pakımız haqqına,

İlahdan dilərəm çatdıra cəlalə səni.

Edə bu yazğısı əsvəd qərib millətimin,

Keçən təvarixinə canlı bir risalə səni.

Əpuş nəslinin illərcə tünd-badında,

Günəşli yurduma birdə becərdə halə səni.

Sən indi qismətə bax Düzgün, işləri seyr et,

Həvalə eyləmişəm mən də bir xəyalə səni.