Qəhramanlar diriləcək,

Önündə yad əyiləcək,

Oğulların seviləcək,

Şən gələcək, tez gələcək,

Ana  vətən, ana vətən!

 

Ətirlidir qoynun sənin,

Güllənəcək dərələrin!

Gedəcəkdir dərdin-qəmin,

Diləklərim açar çiçək,

Ana  vətən, ana vətən!

 

Yad bağırır yalan-yalan,

Mənə deyir: bizə inan!

Etmir bunu asla güman,

Səndən olmaz heç əl çəkmək,

Ana  vətən, ana vətən!

 

Bulaqların sərin sənin,

Çəşmələrin dərin sənin,

Uca zirvə yerin sənin,

Ən gözəlsən bunu bilək,

Ana  vətən, ana vətən!

 

Sən mənimsən, mənimkisən,

Sən biridin, bəs ikisən?

Ürəyimdə sən, təki sən,

Yer dutubsan, belə gərək!

Ana  vətən, ana vətən!

 

Gözəlikdə bir dənəsən,

Məncə, dünya təki sənsən.

Ancaq sənə bağlıyam mən,

Sərf etmişəm burda əmək,

Ana  vətən, ana vətən!

 

Dağlarında gül açacaq,

Qızıl günəş nur saçacaq.

İşığından qurd qaçacaq,

O günə gəl könül verək,

Ana  vətən, ana vətən!

 

Qan rəngində bayrağın var,

Dünyalarca növrağın var,

Yaz nəfəsli min dağın var,

Mən qoymuşam burda ürək,

Ana  vətən, ana vətən!