Ay kəndlilər toplanın,

Mahnı deyib oxuyaq.

Bir-birizə saplanın,

Uzun zəncir toxuyaq.

 

Hər addımdan bir salaq,

Boynuna ağaların.

Acı qışa son qoyaq,

Üzün görək baharın!

 

Kəndliyik ay ağalar.

Dərtliyik ay ağalar!

 

Yayda qan-tər içərik.

Sünbülləri biçərik.

Aclığımızdan qışda,

Şəhərlərə köçərik!

 

Turağayı uçanda,

Şahlar şərab içəndə.

Hər yandan qavularıq,

Kəndimizdən köçəndə!

 

Biz qıllıyıq tüklüyük.

Ömür boyu yüklüyük.

Hər nə dediz inandıq,

Biz qulağı tüklüyük!

 

Məktəb açılır yengi,

Fars deyək dingi-dingi.

Bir kimsə heç söyləmir,

«Begu binəm çi miygi?»

 

Qapını yağış döyür,

Ürəyimiz döyürür.

Biz burda titrəşirik,

O orda özün öyür!

 

Sarayda pulu sellə,

Təbim var məni yellə,

Doqtorlar deyirlər ki:

Kəndlidir, canım, vellə!

 

Ay qız, gözləri ala,

Dur pincə odun qala.

Şahı basdıracağam,

Nalçı yaxşı bax nala!

 

Çaylar çeşmələr dolar,

Sünbülü oraq yolar.

Azadlığa çıxarıq,

Güman ki bir gün olar!

 

Bağda çiçək əkərik,

Dibinə su tökərik.

Zalimlərin gözünə,

Ox tək axir çökərik!

 

Yaşıllıqdır meşəmiz,

İşləməkdir peşəmiz.

Biçiləcək şah kökü,

İtiliri teşəmiz!

 

Kəndliyik ay ağalar,

Dərtliyik ay ağalar!...

 

Molla Quran oxuyar,

Kəndli xəli toxuyar.

Xəlini apararlar,

Saraylara salarlar.

Sarayda əyləşərlər,

Qızıl şarab içərlər.

Kəndli qapıdan baxar,

Məni yandırıb yaxar.

Barmağını qaldırar,

Qırmız qanı damcılar.

Düşər xəli üstünə,

Ağ naxışda iz salar.

Göz  elə orda qalar.

Göz baxmaqdan qaralar.

Qan saralar saralar...

 

Kəndliyik ay ağalar,

Dərtliyik ay ağalar...