Ana

Körpə vaxtlarımda,

Beşiyimdə yatan zaman,

Layla çaldın həzin səslə,

Nəğmələrlə yuxu aldım,

Röyalarda seyran qıldım.

 

İməkliyə-iməkliyə,

Ta atışdım yeriməyə,

«Tatı-tatı bala»,

Deyə,

Nəğmə qoşdun, qoşma dedin.

Oxşamalar gülləndirdin.

 

Qışda ağır gecələrdə,

Tapmacayla şe´rlərlə,

Nağıllarla başım qatdın.

Qoşma dedin pərdə pərdə.

 

Məndə olan bu şəlalə,

Həyəcanı sən oyatdın,

Cür-bə-cürə söz öyrətdin.

 

Yağış yerə damlayanda,

Qış ötülüb yaz çatanda,

Ulduz süzüb ay batanda,

Qızaranda dağda batı,

Qəmlə hicum eyləyəndə,

Gözlərindən yaş damladın,

Könülündən söz, bayatı,

Məni qıldın dərdlə aşna.

 

 

Boy atdıqca, iftixarla,

Boyuma sən boy boyladın.

Mənə corab toxuyanda,

Kürsüdə bağrına basıb,

Əzizliklə soy soyladın.

Beləliklə boya çatdım.

 

Yenə sözdən əl üzmədin,

Cavan vaxtım çaşan zaman,

Sözlə mənə inam verdin,

İncitdimsə çoxda səni,

Dodağın heç vaxt büzmədin.

Ürəyimin zəmisində,

Ana, şe´rin toxmun səpdin.

Öz oğlunu şair qıldın,

İncə qəlbə sözə malik.

 

Ana şerim bəs deməli,

Səninkidir, səninkidir.

Ana, mənim söz dövlətim,

Səninkidir, səninkidir.

 

Qurban olsun şe´rim sana,

Ey hünərli bilgin ana.

Söz dövlətim qurban sana,

Özüm ana, gözüm ana...